Gülüstan faciəsinin ildönümü — tarix və nəticə + müqavilənin mətni


Azərbaycan torpaqlarının iki hissəyə bölünməsi ilə nəticələnən Gülüstan müqaviləsinin ildönümüdür. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində 1-ci Rus-Qacar müharibəsinin nəticəsi olaraq müqavilə imzalanır.
Sovet tarixşünaslığında “sülh müqaviləsi” olaraq keçsə də, əslində gülüstan müqaviləsi ilhaq sazişi idi. Bu müqavilə nəticəsində Qacarlar dövləti imperiyanın dayağı olan Azərbaycan ərazilərini və Qafqazın əhəmiyyətli hissəsini ruslara güzəştə getməli oldu.
Rusiya imperiyasının cənubi Qafqazı işğalı prosesi 19-cu əsrin əvvəllərində İranı idarə edən türk sülalələrinin daxili müharibədə zəifləməsi, qacarların hakimiyyətinin zəif dövrünə təsadüf edirdi. Çar I Aleksandr zamanında başlayan cənuba doğru işğal prosesi 1801-ci ildə çar Kartli-Kaxetiya çarlığı ilə birlikdə Azərbaycan əraziləri olan Qazax, Borçalı və Şəmşəddilin Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi. Amma işğal davam etdi və 1804-cü ildə Car-Balakən daha sonra isə Gəncə işğal olundu.
1805-ci ilə qədər Rusiya ordusu cənubi Qafqazda parçalanmış və mərkəzi hakimiyyətə tabe olmayan bir sıra xanlıqları ələ keçirdi.
1805-ci ilin yazında Qacar imperiyasının vəliəhdi, Azərbaycan valisi Abbas Mirzə Rusiya işğal ordusuna qarşı müharibəyə başlayır.

Ancaq zəifləmiş, ağır daxili müharibələrdən yeni çıxmış və mərkəzi hakimiyyəti xeyli kövrək olan Qacar dövlətinin orduları modern rus orduları qarşısında davam gətirə bilmir. Burda daha bir faktor isə 18-ci əsrin ortalarından yaranmağa başlayan və faktiki olaraq mərkəzi hakimiyyətə tabe olmayan xanlıqların əksər hallarda loyallığı və bəzən rusların tərəfində olması idi.
Vəliəhd Abbas Mirzə isə Qacar sarayından lazımı dəstəyi ala bilmədi. Nəticədə rus ordusunun sürətli irəliləməsi Qacar dövlətini ilhaq müqaviləsi imzalamağa vadar etdi.
Bundan 1 il əvvəl isə çar Rusiyası Osmanlı imperiyası arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsinə əsasən osmanlı rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir.
1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Rusiya və Qacar dövləti təmsilçiləri arasında müharibənin bitməsi və cənubi Qafqaz ərazilərinin, o cümlədən Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin Rusiya imperiyasının tərkibinə keçməsini təsdiqləyən müqavilə imzalanır.
Bu sülh müqavilənin şərtlərinə əsasən Azərbaycan torpaqlarının parçalanır. Belə ki, Araz çayından şimalda yerləşən şimali Azərbaycan xanlıqları Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki — İrəvan və Naxçıvanı istisna olmaqla — Rusiyanın tərkibinə daxil edilir.

Həmçinin Gülüstan müqaviləsi ilə Dağıstan camaatlıqları, Dərbənd və gürcü çarlıqları da Rusiyanın işğalı altına keçir.
Gülüstan müqaviləsi tarixi Azərbaycan torpaqlarının bölünməsinin ilk aktı idi. 15 il sonra 1828-cı ildə imzalanan Türkmənçay müqaviləsi nəticəsində Naxçıvan və İrəvan da Rusiyanın tərkibinə verilir. Həmçinin ermənilərin cənubi Qafqaza ilk kütləvi köçürülməsi prosesi başlayır. Çar Rusiyası müsəlman qonşuları olan Qacar və osmanlı dövlətləri ilə sərhəddə erməniləri yerləşdirir və İrəvan quberniyasını yaradır. 90 ildən sonra isə cənubi Qafqazda erməni dövləti yaranacaqdı.

Bu müqavilə nəticəsində İranda yüz illərdir davam edən türk hakimiyyəti də zəifləyir. Qacarlar, ondan əvvəl Əfşarlar və Səfəvi sülalələrinin əsas güc qaynağı məhz Azərbaycan olmuşdu. Azərbaycan ərazilərinin itirilməsi əsas iqtidar mənbəyi olan Azərbaycan türklərinin mövqelərini zəiflədir. Sonrakı 100 il ərzində qacarlar Rusiya və Böyük Britaniyanın iradəsi altında olan zəif sülalə kimi varlığını davam etdirdi.

Müqavilənin mətnini bu keçiddən istifadə edərək oxuya bilərsiniz: https://millikimlik.az/2021/4017/

Müəllif: “Milli Kimlik Araşdırmaları” qrupunun üzvü, Kənan Rövşənoğlu